Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Unibank”dakı 9% payını satıb. Bu barədə bankın saytında məlumat verilir.
AYİB bankın kapitalındakı 9% payı “Unibank”ın əsas səhmdarı Eldar Qəribova satıb. Nəticədə E.Qəribovun payı 77,3839%-dən 86,3839%-ə yüksəlib.
AYİB 2019-cu ilin noyabr ayında payının böyük hissəsini (səhmlərin 35,4748%-ni) Qəribova satıb. Nəticədə onun payı 41,9091%-dən 77,3839%-dək artıb, AYİB-in payı isə 9%-dək azalıb.
Hazırda bankın səhmdarları sırasına fiziki (6,0157%) və hüquqi şəxslər (7,6004%) də daxildir.
Sövdələşmə nəticəsində bankın nizamnamə kapitalı 125 milyon 686,356 min manat səviyyəsində qalıb. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 2,72 manat olan 46 milyon 208,219 min ədəd səhmə bölünüb.
«Unibank» ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və respublikanın aparıcı banklarının onluğuna daxildir.*