Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında cümə axşamı baş tutan telefonla söhbəti zamanı iki ölkənin sərhədində yaranmış vəziyyəti müzakirə ediblər. Bu barədə Azərbaycan prezidentin Mətbuat Xidməti məlumat verir.
“İyunun 18-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edib. Azərbaycan prezidenti karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını təəssüf hissi ilə bildirib. Putin vəziyyətə anlayışla yanaşdığını qeyd edib”, - məlumatda vurğulanır.
Ölkəmiz bu tədbirdə müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaq.
Prezidentlər Rusiya-Azərbaycan sərhədində yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
“Prezident Əliyev bildirib ki, onun Rusiya Prezidenti ilə mayın 18-dəki telefon danışığından ötən dövr ərzində Samur keçid məntəqəsindən 700-ə yaxın, bütövlükdə bir ay ərzində isə quru və hava yolları ilə 1 minə yaxın Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə gətirilib”, - məlumatda qeyd olunur.
Prezidentlər müvafiq dövlət strukturlarına sərhəddə vəziyyətin tənzimlənməsi ilə əlaqədar əlavə tapşırıqların verilməsi barədə razılaşıblar. **
A.Əzizov