Azərbaycan-İran sərhədində atışma baş verib, hadisə nəticəsində sərhəd pozucusu həlak olub. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatında deyilir.
“17 iyun tarixində saat 21:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub”, - deyə məlumatda bildirilir.
Sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd böyük kisədə yük müşahidə edilib.
“Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı avtomat silahdan və “Vinçester” tipli tüfəngdən atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər. Sərhəd naryadı tərəfindən silah tətbiq olunub, sərhəd pozucularından biri güllə yarası alıb və İran ərazisinə qaçmaq məqsədilə sərhəd çayı olan “Bolqarçay”ı keçərkən suda ölüb. Sərhəd pozucusunun cəsədi İran sərhədçiləri tərəfindən sudan çıxarılıb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçıb və İran sərhədçiləri tərəfindən öz ərazilərində saxlanılıblar”, - deyə məlumatda qeyd olunur.
Hazırda hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.*
B.Rüstəmbəyov