Fermerlərə aqrar kreditlərin verilməsi imkanlarının genişləndirilməsi, bu növ kreditləşmənin sürətləndirilməsi məqsədi ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə yeni saziş imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Saziş banka kredit müraciətlərinin təhlili zamanı IFC-nin kənd təsərrüfatı risklərinin qiymətləndirilməsi alətindən (CLARA) istifadə etməyə imkan verəcək. Bu isə risklərin qiymətləndirilməsinin, kreditləşmə prosesinin avtomatlaşdırılmasına imkan verəcək.
“Bu əməkdaşlıq fermerlərin kredit məhsulları ilə bağlı ehtiyaclarının daha aydın təhlilinə imkan verəcək. Fermerlərin ehtiyacına uyğunlaşdırılmış aqrar kredit məhsulları yaradılacaq”, - deyə bankın korporativ bankçılıq üzrə baş direktoru Nərgizxanım Biləndərli bildirib.
Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Korporasiya Azərbaycanda 56 uzunmüddətli layihənin maliyyələşdirilməsinə $473 milyon yönəldib. Bundan başqa, İFC bu layihələrin reallaşdırılması üçün digər kredit təşkilatlarından $73 milyon məbləğində vəsaitin cəlb olunmasına yardım edib. Korporasiya, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə $250 milyon, ticarət dövriyyəsinin dəstəklənməsinə isə təxminən $100 milyon ayırıb.*
Ə.Məmmədov