COVİD-19 koronavirus pandemiyasının Azərbaycanda daxili iqtisadi aktivliyə neqativ təsirləri may-iyun aylarında davam edib. Bu barədə Mərkəzi Bankdan məlumat verilir.
“Pandemiyanın Azərbaycanda daxili iqtisadi aktivliyə neqativ təsirləri may-iyun aylarında davam edib. Mərkəzi Bank tərəfindən real sektor müəssisələrinin monitorinqi göstərir ki, qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələri üzrə biznes inam indeksi may ayında neqativ zonada olub”, - AMB-dən qeyd edilir.
Bankın məlumatına görə, məcmu tələbin bütün komponentlərində azalma qeydə alınıb. “Yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nəzərən 1,7%, o cümlədən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 14,9% azalıb. Qeyri-neft sektoruna investisiya qoyuluşları 16,7% azalıb”, - məlumatda bildirilir.
AMB-nin qiymətləndirmələrinə görə, Azərbaycan hökumətin sosial xərclər üzrə öz öhdəliklərini tam yerinə yetirməsi və əlavə dəstək tədbirləri, sinxronlaşdırılmış makroprudensial tədbirlər iqtisadi aktivliyin daha çox azalmasının qarşısını alır, iqtisadi subyektlərin gəlirlərindəki itkiləri qismən kompensasiya etməyə imkan verir. **
A.Əzizov