Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun sakinləri sərt karantin rejimi dövründə yaşayış yerini SMS icazə ilə gündə bir dəfə 2 saata tərk edə bilərlər. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verir.
Məlumata əsasən, vətəndaşlar yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər. SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri qeyd edilməlidir: 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar; 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərt karantin rejimi qüvvədə olacaq.
Azərbaycanda COVİD-19-a görə avqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. **
N.Abbasova