2020-ci ilin yanvar-may aylarında Azərbaycana 563,9 min turist gəlib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 1,9 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Tusit axının bu dərəcədə azalması Covid-19 koronavirus pandemiyası və 2020-ci ilin mart ayından qüvvədə olan Azərbaycana giriş-çıxışın qadağan edilməsi ilə əlaqədardır.
Yanvar-may aylarında gələnlərin 30,2%-i Rusiya Federasiyası, 27,3%-i Gürcüstan, 13,2%-i Türkiyə, 6,7%-i İran, 2,2%-i Hindistan, 2,1%-i isə Səudiyyə Ərəbistanı, 2,1%-i Ukrayna, 1,4%-i BƏƏ, 1,3% Pakistan, 1,3% Küveyt, 1,3% Pakistan, 1,1% Türkmənistan, 0,9% İraq, 0,9% Böyük Britaniya, 0,8% Özbəkistan, 0,7% İsrail, 6,4% digər ölkələr, 0,1%-i isə vətəndaşlığı olmayan vətəndaşları olub.
Gələnlərin 75,1%-ni kişilər, 24,9%-ni isə qadınlar təşkil edib.
5 ay ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,4 dəfə azalaraq 16,2 min nəfər, Fars körfəzi ölkələrindən gələnlərin sayı 2,2 dəfə azalaraq 75,3 min nəfər olub.
Yanvar-may aylarında Azərbaycana gələn turistlərin 66,9%-i dəmir yolu və avtomobil, 31,6%-i hava, 1,5%-i isə dəniz nəqliyyatından istifadə edib.
Bu dövrdə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 2,2 dəfə -958,8 min nəfərə qədər azalıb. Ölkə vətəndaşlarının 33,5%-i İrana, 29,7%-i Gürcüstana, 20,4%-i Rusiya Federasiyasına, 9,6%-i Türkiyəyə səfər edib.
“2020-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82%-i dəmir yolu və avtomobil, 16,4%-i hava, 1,6%-i isə dəniz nəqliyyatından istifadə edib”, - DSK-dan vurğulanır.**
X.Nəsirzadə