“MİDA” MMC Yasamal-2 və Sumqayıt yaşayış kompleksləri ərazisindəki binalarda qaz sayğaclarının quraşdırılması üçün podratçılar seçir.
Seçim açıq tender metodu ilə keçirilir və qaz sayğaclarının alınmasını, quraşdırılmasını və istismara verilməsini nəzərdə tutur.
Tenderdə iştirak haqqı 400 manatdır.
Tender təklifləri 21 iyul saat 16:30-dək qəbul olunur. Tender proseduru 22 iyul saat 16:30-da baş tutacaq.
Yasamal-2 yaşayış kompleksi Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunur. 2018-ci il dekabrın 26-da prezident İlham Əliyevin iştirakı ilə yaşayış kompleksinin təməli qoyulub.
Kompleksdə 40 yaşayış binasının inşası nəzərdə tutulub. Onlardan 22-si 9 mərtəbəli, 18-i 12 mərtəbəli olacaq. Bu kompleksdə 160 birotaqlı, 114 studio tipli, 674 ikiotaqlı, 1128 üçotaqlı, 126 dördotaqlı mənzil tikiləcək. Binalar üzrə mənzillərin ümumi sayı 2200-dən çoxdur. Bu mənzillər də tam təmirli, mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif ediləcək.
Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, uşaq oyun meydançaları, 3 uşaq bağçası, 1200 şagird yerlik tam orta məktəb binasının inşası da nəzərdə tutulur.
Sumqayıt şəhərində sosial mənzil kompleksi layihəsi 0,76 hektar ərazidə 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasının tikintisini nəzərdə tutur. Ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi ilə yanaşı, mühəndis-kommunikasiya sistemi qurulacaq, yaşıllaşdırma və abadlıq işləri həyata keçiriləcək, həmçinin futbol meydançası istifadəyə veriləcək. Ümumilikdə bütün işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Bu binalarda ümumilikdə 144 mənzil olacaq. Onlardan 36-sının birotaqlı, 72-sinin ikiotaqlı, 36-sının üçotaqlı olması planlaşdırılır. Birotaqlı mənzillərin sahəsi təqribən 35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 56 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 74 kvadratmetr təşkil edəcək.*
B.Rüstəmbəyov