Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankına (DB) ölkənin maliyyə sektorunun üçüncü qiymətləndirilməsini (FSAP) həyata keçirməyi təklif edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"Maliyyə sektorunun III qiymətləndirilməsinin aparılması ilə bağlı rəsmi müraciət artıq edilib. Hazırda onun detalları ilə bağlı müzakirələr aparılır", - deyə hökumətdən qeyd ediblər.
Bununla yanaşı, hökumətdən vurğulayıblar ki, sonuncu qiymətləndirmədən beş il ötüb və Azərbaycanın maliyyə sektorunda əhəmiyyətli dəyişikliklər baş verib.
DB-nin Bakı nümayəndəliyindən "İnterfaks-Azərbaycan" agentliyinə belə müraciətin alındığını təsdiq ediblər.
DB-dən bildiriblər ki, ölkə hökuməti banka Azərbaycan iqtisadiyyatının 2021-2025-ci illər üçün nəzərdə tutulmuş Milli İnkişaf Strategiyasının hazırlanmasında iştirak etməyi də təklif edib "Hazırda DB-nin bu prosesdə rolu müzakirə olunur", - deyə bankdan əlavə ediblər.
BVF və DB 2003-cü ildə Azərbaycanın maliyyə sektorunun birinci qiymətləndirilməsini həyata keçiriblər. Ölkənin maliyyə sektorunun ikinci qiymətləndirilməsi 2015-ci ildə aparılıb.*
A.Əzizov