Azərbaycanlılar və ermənilər Dağlıq Qarabağda yalnız Ermənistan işğal etdiyi ərazilərdən qoşunlarını çıxarmaqla BMT qətnamələrini yerinə yetirdiyi halda dinc yanaşı yaşaya bilərlər. Bu sözləri Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
"30 ilə yaxındır ki, Ermənistan Dağlıq Qarabağın və Azərbaycanın digər ətraf rayonlarının işğalını davam etdirir ki, bu da beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bizim insanlarımız etnik təmizləmələrə, hücumlara məruz qalıblar və bir milyondan çox azərbaycanlı evsiz qalıb. Bu işğala qədər biz bir-birimizlə: Dağlıq Qarabağda ermənilərlə sülh şəraitində yaşayırdıq", - deyə Gəncəliyev "Şərq tolerantlığının və dünyəvi cəmiyyətin formalaşmasında Azərbaycanın təcrübəsi" mövzusunda Avropa-Azərbaycan konfransında bildirib.
Onlayn konfransın təşkilatçısı Siyasi Tədqiqatlar İnstitutudur.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin mövqeyi iki icma arasında dialoqun qurulmasına və münaqişənin həllinə mane olur. "Buna baxmayaraq, biz Dağlıq Qarabağda erməni və Azərbaycan xalqlarının dinc yanaşı yaşamasına inanırıq. Amma bu məqsədə nail olmaq üçün işğal dayandırılmalıdır və biz məhv edilmiş dinc birgə yaşayışı bərpa etməliyik", - deyə o əlavə edib.
Gəncəliyevin sözlərinə görə, Azərbaycan dini dözümlülük, müxtəlif xalqların və dinlərin əsrlər boyu dinc yanaşı yaşadığı ölkədir. "Azərbaycan dünyada müsəlmanların və xristianların eyni bayramları bir yerdə qeyd etdikləri az saylı ölkələrdən biridir. Məscidlərimiz, kilsələrimiz və sinaqoqlarımız bir-birinin yanında yerləşir. Biz, həmçinin ölkəmizdə erməni irsini qoruyub saxlayırıq, məsələn, Bakı şəhərinin mərkəzində yerləşən və erməni dilində minlərlə qiymətli əlyazmanın olduğu erməni kilsəsinin qorunub saxlanması Azərbaycan multikulturalizmi və tolerantlığının çox gözəl nümunəsidir. Bu qədim multikulturalizm ənənələri müasir xarici siyasətə də öz təsirini göstərir", - deyə o vurğulayıb.
Milli Məclisin deputatı Azay Quliyev konfransda Gəncəliyevlə həmrəy olduğunu bildirərək qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışmır. "Bu ilin martında Ermənistan liderləri koronavirus pandemiyasının yayılmasına və beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulmasına baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda qondarma seçkilər keçiriblər. Lakin Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bu qanunsuz, qondarma seçkilər bütün ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tanınmadı", - deyə Quliyev vurğulayıb.
O əlavə edib ki, Ermənistanın yeni hakimiyyəti münaqişəni mümkün qədər uzun müddət həll olunmamış saxlamağa çalışır. "Müxtəlif həll cəhdlərinə baxmayaraq, təəssüf ki, bu istiqamətdə heç bir irəliləyişə nail olunmayıb. Bir neçə həftə əvvəl bəyanat vermiş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərini misal gətirmək istəyirəm. O, bəyanatında münaqişənin həllinə addım-addım yaxınlaşmaq üçün sülh yolu ilə nizamlanmanın məqsədini xatırladıb. Bu, həm də Dağlıq Qarabağa bitişik yeddi rayonun işğaldan azad edilməsini nəzərdə tutur", - deyə deputat qeyd edib.
Quliyev xatırladıb ki, Ermənistan uzun illərdir ki, azərbaycanlıları girov saxlayır və girovların "hamının hamıya" prinsipi ilə dəyişdirilməsindən imtina edir.*
X.Nəsirzadə