2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 15,2 mln.ton neft hasil edilib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
“Yanvar-may aylarında Azərbaycanda 15,2 mln.ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 463 min ton az olub. Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 10,5 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,6 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb”, - məlumatda deyilir.
Cari ilin 5 ayında 12,6 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-may aylarına nisbətən 468 min ton azdır. Neft-kondensatın 12 mln. tonu konsorsium, 569 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.
İstismara veriləndən iyunun 1-dək olan dövrdə isə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 537 mln. tondan çox neft (kondensatla birlikdə) hasil edilib.
2020-ci ilin 5 ayında 2,5 mln. ton neft emal edilib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,4% azdır.
“AÇG” blokundan neft və səmt qazının hasilatına 1997-ci ilin sentyabr ayından başlanılıb.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 mlrd. məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 mln. tondan çox neft hasil olunacaq.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb. **
N.Abbasova