2020-ci ilin yanvar-may aylarında 16,4 milyard m3 qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilir.
“2020-ci ilin 5 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 2 mlrd. m3 artımla 16,4 mlrd.m3 qaz hasil edilib. Qaz hasilatının 5,4 mlrd. m3 -i AÇG-dən, 8 mlrd. m3 -i isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 3 mlrd. m3 qaz hasil olunub”, - nazirlikdən qeyd olunur.
Bu dövrdə xaricə qaz satışı 5,6 mlrd. m3 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çoxdur. Cari ilin yanvar-may aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,7 faiz çox, yəni 4,3 mlrd. m3-dən çox qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,2 mlrd.m3, BTC boru kəməri sisteminə verilən qazın həcmi isə 51 min m3 olub.
Məlumat verilib ki, istismara veriləndən iyunun 1-dək olan dövrdə isə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 295,2 mlrd. m3 qaz hasil edilib, 82,6 mlrd. m3 qaz isə ixraca nəql olunub.**
N.Abbasova