Gəncədə süni mərmər və qranit istehsalı zavodunun açılışı olub.
Prezident İlham Əliyev iyunun 24-də zavodun açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Zavodun direktoru Anar Məmmədov bildirib ki, müəssisənin ümumi dəyəri 46,5 milyon manatdır. Onun 10 milyon manatı güzəştli kreditdir. Ümumi dəyəri 32 milyon manat olan investisiya təşviqi sənədi alınıb və 6 milyon manat vəsaitə qənaət olunub.
Müəssisədə süni mərmər, keramoqranit - yəni, yer və divar üzlükləri, metlax və quru inşaat qarışıqları istehsal ediləcək. Məhsulların hazırlanmasında istifadə olunan xammal Daşkəsən, Şəmkir, Ağstafa və Qaradağ rayonlarından gətirilir. Müəssisənin illik istehsal gücü - 3 milyon kvadratmetr olacaq.
Burada hazırlanan məsulların Rusiya Federasiyasına, Gürcüstana və Orta Asiya respublikalarına satışı nəzərdə tutulur. Zavodda 300-dən çox yeni iş yeri yaradılıb.
Hazırda müəssisənin ərazisində illik istehsal gücü 40 min ton astar və 20 min ton üzlük olan tikinti materialları istehsalı zavodu tikilib.*
B.Rüstəmbəyov