Azərbaycanda əhalinin bank əmanətlərinin sığortalanması sisteminə dəyişiklik edilməsinə və təkmilləşdirilməsinə ehtiyac var. Bu sözləri Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev deyib.
"Hazırda bu istiqamətdə iş aparılır. Biz mütəmadi olaraq Mərkəzi Bankla görüşlər keçiririk. Hazırda biz əmanətlərin risk əsaslı sığortalanması müddətini nəzərdən keçiririk. Bundan başqa, fonda əmanətçilərin adları üzrə reyestrin təqdim olunmaması, yalnız ayrı-ayrı bankla bağlı depozitlərin ümumi məbləğinin göstərildiyi rüblük reyestrin təqdim edilməsi problemi mövcuddur", - deyə Piriyev bu gün mətbuat konfransında "İnterfaks-Azərbaycan" agentliyinin sualına cavab olaraq bildirib.
İcraçı direktorun sözlərinə görə, bu halda banklar tərəfindən tam məlumat göndərilərsə, fond bankın müflis olması zamanı yoxlanılmış məlumatlar əsasında kompensasiyaların məbləğini müəyyən edə bilər. Qanunvericilik hələ ki, bu imkanı vermir, lakin fond sözügedən istiqamətdə iş aparacaq.
Azərbaycanda əmanətlərin tam sığortalanması sistemi 2016-cı il martın 1-də tətbiq edilib. Sığorta sistemi əhalinin əmanətlərinin bütün həcminə (əvvəllər məbləği 30 min manata qədər olan əmanətlər sığortalanmış hesab olunurdu) şamil edilir. Yeganə şərt bundan ibarətdir ki, əmanət üzrə faiz Əmanətlərin Sığortalanması Fondunun (ADIF) müəyyən etdiyi limiti keçməməlidir. Buna müvafiq olaraq əhalinin milli valyutada illik faiz dərəcəsi 12%-dən (2020-ci il iyunun 1-dən), xarici valyutada isə 2,5%-dən çox olan əmanətləri sığortalanmır.
Bu sistem 2020-ci il dekabrın 4-dək qüvvədə olacaq.*
X.Nəsirzadə