2020-ci ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 74,6 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 20,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Mayda fondun agent bankları tərəfindən 8,6 milyon manat məbləğində ipoteka krediti verilib.
AMB-nin məlumatına görə, yanvar-may aylarında İKZF 12,6 milyon manat məbləğində kreditləri təkrar maliyyələşdirib (2019-cu ilin yanvar-may ayları ilə müqayisədə azalma 89,6% - İF).
2020-ci ilin may ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb. Ümumilikdə, ilin əvvəlindən hökumət sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən fonda 75,6 milyon manat ayırıb.
Bundan başqa, İKZF hesabat dövründə istiqrazların yerləşdirilməsindən 75 milyon manat cəlb edib.
2019-cu ildə fondun agent bankları tərəfindən 173,3 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
X.Nəsirzadə