Azərbaycan Ermənistan üzərində starteji üstünlüyə malikdir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir.Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, bizim ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun. Bu gün keçirdiyim müşavirədə mənə məruzə edilən məsələlər, o cümlədən cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir”, - Əliyev cümə axşamı Mingəçevirdə yeni hərbi hissənin açılışında bildirib.
Əliyev qeyd edib ki, 2016 və 2018-ci illərdə həyata keçirilən əməliyyatlar nəticəsində Azərbaycan strateji vacib ərazilərə nəzarəti qaytarıb. “Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Ona görə döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın”, - prezident vurğulayıb.
Onun sözlərinə görə, müasir silah və texnika alışı davam etdiriləcək. “Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Bu da bizim böyük potensialımızdır. Pilotsuz uçuş aparatları ən yüksək səviyyəli istehsalçıların istehsalıdır. Eyni zamanda, Azərbaycanda da bu istehsal təmin edilib”, - Əliyev bəyan edib.
Azərbaycan lideri həmçinin qeyd edib ki, bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır.“Beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Əfsuslar olsun ki, bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq. Çünki biz real vəziyyətlə hesablaşmalıyıq”, - Əliyev bildirib.
Bununla əlaqədar, prezident qeyd edib ki, ordunun və sərhəddə mövqelərin möhkəmləndirilməsi çərçivsində yeni hərbi texnika alınıb, həmçinin öncə istifadə olunan texnika modernləşdirilib.
“Bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz, - bu, sirr deyil, bu məlumat artıq açıqlanıb, - həm Rusiya istehsalıdır, Belarus istehsalıdır, İsrail istehsalıdır, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib”, - Əliyev deyib.
Prezidentin sözlərinə görə, ordunun modernləşdirilməsinə sərf olunan milyardlarla dollar vəsait Azərbaycan Ordusunu dünyada 50 ən güclü ordu sırasına çıxarmağa imkan yaradıb. **
X.Nəsirzadə