Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunu işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən qanunsuz məskunlaşma cəhdinə xüsusi diqqət ayırmağa çağırıb.
“İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Bu məsələ ilə əlaqədar mən artıq bir neçə dəfə öz fikirlərimi bildirmişəm, o cümlədən xüsusilə beynəlxalq tədbirlər çərçivəsində. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşü çərçivəsində də bu məsələyə diqqət yetirdim. Biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq və qaldıracağıq. Qanunsuz məskunlaşmaya son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna çağırırıq. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın”, - Əliyev cümə axşamı Mingəçevirdə yeni hərbi hissənin açılışında bildirib.
Onun sözlərinə görə, Ermənistanın siyasəti bundan ibarətdir. “Onlar bizim şəhərlərin adlarını dəyişdiriblər. Əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə. Orada yeni dırnaqarası sərhədlər çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər, tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər. İndi qanunsuz məskunlaşma aparmaq istəyirlər, ancaq onlarda insan resursu olmadığı üçün çətinlik çəkirlər. Amma yenə də diaspor fəaliyyəti nəticəsində buna çalışırlar. Biz buna imkan verməyəcəyik, bunu hər kəs bilsin. Biz münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq”, - Əliyev vurğulayıb. **
X.Nəsirzadə