29 iyun tarixinə "AGBank" ASC, "Amrahbank" ASC, "Atabank" ASC və "NBC Bank" ASC-nin əmanətçilərinə 100,4 milyon manat kompensasiya ödənilib. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
“İyunun 29-na ADIF "AGBank", "Amrahbank", "Atabank" və "NBC Bank" ASC-lərin əmanətçilərinə 100,4 milyon manat kompensasiya ödəyib”, - deyə məlumatda bildirilir.
Ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
Ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
Xəbər verildiyi kimi, aprel-may aylarında AMB kapital problemi ilə üzləşmiş və ödəmə qabiliyyəti aşağı olan 4 bankın – “AtaBank”, “Amrahbank”, “AGBank” və “NBCBank”ın lisenziyalarının ləğv edilməsi barədə qərar qəbul edib. Bu banklar müflis elan edilib və onların ləğv edilməsi prosesi başlayıb. Bankların ləğvedicisi ADIF-dir.*
Ə.Məmmədov