İyunun 30-da Azərbaycan və Ermənistan XİN başçıları videokonfrans formatında görüş keçirəcəklər. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə videokonfrans formatında görüşü baş tutub”, - məlumatda qeyd edilir.
Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar. Nazir Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma və infrastruktur layihələri daxil olmaqla Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət məsələsini qaldırıb.
“Həmsədrlər imkan olan ilk fürsətdə iki ölkənin Xarici İşlər nazirləri arasında birbaşa təmasların qurulmasının əhəmiyyətini vurğulayıblar. İyunun 30-da ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulur”, - məlumatda vurğulanır. **
X.Nəsirzadə