Azərbaycan-İran sərhədində atışma olub, insident nəticəsində sərhəd pozucusu həlak olub. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilir.
“29 iyun tarixində saat 23:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Aşağı Çəmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunubr. Sərhəd pozucularının silahlı olmaları, üzərilərində 2 ədəd kisədə yük olması müşahidə edilib”, - məlumatda deyilir.
Bildirilir ki, sərhəd naryadı tərəfindən havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər. Nəticədə, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçıb.
“Əraziyə baxış zaman 1 ədəd lüləsi kəsilmiş tüfəng, 2 ədəd kisədə təxmini çəkisi 33 kq olan narkotikə bənzər maddə aşkar ediib. Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib”, - məlumatda vurğulanır.
Məlumata əsasən, hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.**
X.Nəsirzadə