Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası çərşənbə axşamı keçirilən iclasda Fondun 2019-cu il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim edilməsi barədə qərar qəbul edib. Bu barədə Fonddan məlumat verilir.
“Müşahidə Şurası müstəqil auditor olan «PricewaterhouseCoopers Audit Azerbaijan» MMC və ARDNF-nin 2019-cu il büdcəsinin icrası barədə Hesablama Palatasının rəylərinə əsasən, Fondun 2019-cu il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim edilməsi barədə qərar qəbul edib”, - məlumatda qeyd olunur.
2019-cu il ərzində ARDNF-nin gəlirləri 19 milyard 30,6 milyon manat (123,2% icra olunub), xərcləri – 11 milyard 588,6 milyon manat (99,9% icra olunub) təşkil edib. Beləliklə, ötən il Fondun büdcəsi 7 milyard 442 milyon manat profisitlə icra olunub.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
ARDNF rübdə bir dəfə gəlirləri və xərcləri barədə hesabat təqdim edir. **
N.Abbasova