2020-ci ilin yanvar-may aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $398,115 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"2020-ci ilin yanvar-may aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($57,8 milyon), özəl şirkətlər arasında isə “SOCAR Polymer” ($51,8 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - məlumatda bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına “Azərenerji" ASC ($40,7 milyon), "Azəralüminum" MMC ($25,5 milyon), "AzerGold" QSC ($31,2 milyon), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC ($10,8 milyon), "Azərbaycan Hava Yolları” ($4,6 milyon), ”Azərbaycan İES” MMC ($822 min), «Azərtütün Aqrar Sənaye Kompleksi» MMC ($487 min), Naxçıvan Dövlət Energetika Xidməti ($240 min), «ASK AzərSüşə» MMC ($166 min) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə Azerbaijan International Mining Company ($39,4 milyon), "MKT İstehsalat Kommersiya" MMC ($28,6 milyon), «Land Lojistik” MMC ($36,3 milyon), "Fruit Store" MMC ($16,2 milyon), «Sun Food» ($14,9 milyon), «STDC» MMC ($11,2 milyon), «Aqrovest» MMC ($14,9 milyon), "Baku Steel Company" MMC ($11,1 milyon), «Global Trade Group» ($11,7 milyon) daxildir.
Azərbaycan 2020-ci ilin yanvar-may aylarında $721 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib.**
Ə.Məmmədov