İyulda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında videokonfrans formatında daha bir görüş keçiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu qərar nazirlərin iyunun 30-da baş tutmuş görüşünün yekunları üzrə qəbul edilib.
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə bir saat davam edən videokonfransda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə edilib. Nazir E.Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırılma və infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı məsələləri qaldırıb”, - deyə məlumatda bildirilir.
Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd ediblər. E.Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğulayıb.
Məlumatda deyilir ki, həmsədrlər nazirlərin birbaşa təmaslarının imkan olan ilk fürsətdə təşkili imkanlarını araşdıracaqlarını qeyd ediblər. Tərəflər qarşıdan gələn ay ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti videokonfrans formatında görüşünün təşkilinə razılaşıblar.*
A.Əzizov