Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yaydığı bəyanatda deyilir.
“Həmsədrlər münaqişənin hərbi həllinin olmadığını bildiriblər. Onlar tərəfləri atəşkəs rejimini möhkəmləndirmək və xalqları sülhə hazırlamaq üçün əlavə addımlar atmağa çağırıblar. Həmsədrlər şərtlər imkan verən kimi ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin rəhbərliyi altında monitorinqlərin yenidən bərpasının vacibliyini vurğulayıblar”, - deyə həmsədrlərin iyunun 30-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən videokonfrans formatında görüşün yekunlarına dair yaydığı bəyanatda bildirilir.
Həmsədrlər sülhə şərait yaradan və əsaslı danışıqlar üçün əlverişli bir atmosferin təşviq olunmasının və saxlanmasının vacibliyini vurğulayıblar.
Onlar regiondakı nisbi sabitliyi müsbət qiymətləndiriblər. Həmsədrlər tərəflərin gərginliyin artmaması üçün mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə davam etmələrindən məmnunluqlarını ifadə ediblər. 2019-cu il martın 9-da verilən bəyanatı xatırladan həmsədrlər son təxribat xarakterli bəyanatların, təhrikedici ritorikanın və regiondakı vəziyyəti nəzərəçarpan yollarla dəyişdirmək üçün mümkün addımların atılmasını münaqişənin nizamlanma prosesinə xələl gətirə biləcəyini narahatlıqla qeyd ediblər”, - deyə bəyanatda qeyd olunur.
Həmsədrlər və xarici işlər nazirləri iyul ayında daha bir birgə videokonfrans keçirmək və ən qısa zamanda birbaşa görüş barədə razılığa gəliblər.
Xatırladaq ki, iyunun 30-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofferin iştirakı ilə videokonfrans formatında görüşü baş tutub.
Görüşdə bölgədə səhiyyə sahəsindəki vəziyyət, Dağlıq Qarabağ münaqişəsindəki mövcud dinamika və sülh prosesində növbəti addımlar müzakirə edilib. Bu müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.*
Ə.Məmmədov