Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edərək Rusiyada vətəndaşların böyük əksəriyyətinin Konstitusiyaya dəyişikliklərin lehinə səs verməsi münasibətilə onu təbrik edib. Bu barədə Azərbaycan prezidentinin Mətbuat Xidməti məlumat verir.
“Azərbaycan prezidenti Rusiyanın ictimai-siyasi həyatında bu mühüm hadisəni ölkə vətəndaşlarının prezident Vladimir Putinin həyata keçirdiyi siyasətə verdikləri dəstəyin növbəti təzahürü kimi dəyərləndirib. Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, Konstitusiyaya edilən bu dəyişikliklər Rusiya Federasiyasının daha da inkişaf etdirilməsi, firavanlığı, ölkədə ictimai-siyasi sabitliyin bundan sonra da möhkəmləndirilməsi işinə böyük töhfə verəcək”, - məlumatda vurğulanır.
Öz növbəsində, Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlət başçısına minnətdarlığını bildirib.
“Həmçinin, telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı ilə bağlı məsələlər də müzakirə edilib”, - məlumatda vurğulanır. **
A.Əzizov