Prezident İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizi ilə yükdaşımaların optimallaşdırılması üçün tariflərin unifikasiyasının həyata keçirilməsini təklif edib.
Dövlət başçısı bu təklifi bu gün Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans vasitəsilə keçirilən görüşdə irəli sürüb.
“Biz Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarının daha da artırılması üçün səylərimizi davam etdirməliyik. Yükdaşımaların optimallaşdırılması üçün tariflərin unifikasiyasının həyata keçirilməsi vacibdir. Bugünkü görüşümüzün nəticələrinin və gələcək addımların müzakirəsi üçün ölkələrimizin nəqliyyat strukturlarının işçi görüşünün keçirilməsini təklif edirəm”, - deyə o bildirib.
Dövlət başçısının sözlərinə görə, Avropa İttifaqının Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artmaqdadır.
Əliyev vurğulayıb ki, 2019-cu ildə bu dəhlizlə 8,7 milyon ton yük daşınıb. Bu ilin ilk dörd ayı ərzində bu rəqəm artıq 3 milyon tona çatıb. Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə edib. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan vasitəsilə Əfqanıstan istiqamətində və əks istiqamətdə 55,5 min ton yük daşınıb. Azərbaycan yük təyyarələri ilə həmin dövrdə ölkəmizə və digər ölkələrə məxsus 12 min tona yaxın yükü Əfqanıstana çatdırıb.*
N.Abbasova