"Kapital Bank" ASC ipoteka kredit portfelini artırmağı planlaşdırır. Bunu “Kapital Bank”ın Pərakəndə Satış İdarəsinin baş direktoru Ramil İmamov deyib.
““Kapital Bank”da riteyl kreditləşmə sahəsinin tərkib hissəsi olan ipoteka kreditləşməsinin əhatə dairəsi genişləndirilib. Belə ki, əhalinin mənzilə olan tələblərinin qarşılanması məqsədilə dövlət tərəfindən maliyyələşən kreditlərin həcmi artırılıb, habelə bankın öz vəsaiti hesabına kreditlərin verilməsinə başlanılıb. Statistik göstəricilərə nəzər salsaq görərik ki, hazırda Kapital Bank-ın ipoteka kredit portfeli artaraq 200 milyon manat həddinə çatıb. Bankın gələcək prioritetlərindən biri cari portfeli saxlamaqla yanaşı, daha da artırmaqdır”, - deyə o, bankın mətbuat xidmətinə müsahibəsində bildirib.
Baş direktorun sözlərinə görə, “Kapital Bank” İpoteka və Kredit Zəmanət Fondu və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə verilən kreditlərin həcmini fəal şəkildə artırır.
““Kapital Bank” cari il üzrə İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən adi və güzəştli ipoteka kreditlərin verilməsində aktiv iştirak edib. Fond hesabına verilən kreditlər üzrə yerləşdirmə ötən ilin analoji dövrü ilə müqayisədə 25% artıb. Bundan sonrakı dövr üzrə bank tərəfindən İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən kreditlərin həcminin artırılması planlaşdırılır. Həmçinin “Kapital Bank” Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən təqdim olunan mənzillərin kreditləşməsi üzrə olan dövlət layihəsində də aktiv iştirak edir. Ötən il ərzində MİDA layihəsi üzrə təqdim olunan mənzillər üçün 3 milyon manat həcmində kredit rəsmiləşdirilib. Bu ipoteka növü üzrə kredit portfelimiz, ümumilikdə 6 milyon manat təşkil edir. Cari il ərzində MİDA tərəfindən təqdim olunan yeni layihələrə əsasən mənzillərin kreditləşməsi nəzərdə tutulur”, - deyə o qeyd edib.
R.İmamov bildirib ki, dövlət layihələri ilə yanaşı, “Kapital Bank” müştərilərin artan mənzil tələbatlarını ödəmək üçün öz vəsaiti hesabına 2 növ yeni daxili ipoteka məhsulunu təklif edir.
Onun sözlərinə görə, regionlarda əhalinin yaşayış şəraitinin və mənzil təminatını yaxşılaşdırmaq məqsədilə bu ilin may ayından etibarən regionlar üzrə güzəştli şərtlərlə sosial ipoteka məhsulununkreditləşməsinə başlanılıb. “1 aydan bir qədər artıq müddət ərzində artıq bu məhsul növündə 22 vətəndaş faydalanıb ki, bu şəxslərə verilən kreditlərin həcmi 500 min manat miqdarındadır. Bu məhsul növü üzrə 10 milyon manat civarında kreditlərin verilməsi nəzərdə tutulur və mütəmadi olaraq müraciətlər qəbul edilir. Paralel olaraq bank tərəfindən ipoteka kreditləşməsinin əhatə dairəsi Bakı, Abşeron və Sumqayıt şəhər əraziləri üzrə yeni növ daxili ipoteka krediti məhsulunun satışına start verilib. Təklif olunan məhsul növü ilə müştərilərə 10 il müddətinə 500 min manatadək daxili ipoteka kreditindən faydalanmaq imkanı yaradılıb”, - deyə R.İmamov əlavə edib.*
Ə.Məmmədov