Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-ın səylərinin daha da artacağına ümid edir.
Əliyev 4 İyul – Müstəqillik Günü münasibətilə ABŞ prezidenti Donald Trampı təbrik edib.
“Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktının prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində tezliklə ədalətli həlli istiqamətində səylərini daha da artıracaqdır”, - deyə dövlət başçısının saytında dərc olunmuş təbrikdə bildirilir.
O qeyd edib ki, 30 ilə yaxındır ki, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında uğurlu əməkdaşlıq münasibətləri mövcuddur. Bu illər ərzində ABŞ şirkətləri ölkəmizdə enerji sektorunun, informasiya-kommunikasiya texnologiyalarının və digər vacib sahələrin inkişafında mühüm rol oynayıblar.
Prezident İ.Əliyev qeyd edib ki, Bakı və Vaşinqton beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və terrorizmlə mübarizə sahəsində də nümunəvi əməkdaşlıq əlaqələri qurub. “Əminəm ki, Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra daha da genişlənəcəkdir”, - deyə o vurğulayıb.
Dövlət başçısı Trampa möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.*
A.Əzizov