“Azərbaycan Hava Yolları” QSC (AZAL) gələn həftədən etibarən Bakı və İstanbul arasında yerinə yetirilən aviareyslərin tezliyini həftədə 4 dəfəyə qədər artıracaq.
“Bakı-İstanbul- Bakı istiqaməti üzrə yerinə yetirilən uçuşların ümumi sayı AZAL aviaşirkəti tərəfindən həftədə dörd reysdən səkkiz reysədək artırılacaq (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri). Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir”, - məlumatda deyilir.
Hazırda Bakıdan İstanbula uçuşlar həftədə 2 dəfə yerinə yetirilir.
"Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənib”, - məlumatda qeyd olunur.
İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqanı) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçməsi barədə arayış təqdim edə bilər.
Bütün hallarda test uçuşdan ən gec 48 əvvəl verilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq, özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq. **
B.Rüstəmbəyov