Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü BMT-nin baş katibi Antonio Quterreşə telefonla zəng edib.
“Telefon danışığı əsnasında Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir”, - Azərbaycan prezidentinin mətbuat xidməti məlumat verir.
Prezident Əliyev xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirib.
“Quterreş BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Eyni zamanda, baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını bildirib”, - məlumatda bildirilir.
Tərəflər müzakirələr zamanı əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq.
Xəbər verildiyi kimi, BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyanın keçirilməsinin təşəbbüskarı Azərbaycandır. 130-dan çox ölkə bu təşəbüsü dəstəkləyib. Bu sessiyanın keçirilməsinə qarşı çıxış edən yeganə ökə Ermənistan olub. **
X.Nəsirzdə