“Fitch Ratings” beynəlxalq reytinq agentliyi "AFB Bank"ın uzunmüddətli defot reytinqini "B” səviyyəsindən "B-" səviyyəsinədək azaldıb. Bu barədə agentliyin məlumatında deyilir.
Bankın reytinq üzrə proqnozu “Sabit”dir.
“Fitch” eyni zamanda, kommersiya səbəblərindən reytinqləri geri çağırıb və “AFB Bank” üçün bir daha reytinq təqdim etməyəcək.
Agentliyin analitikləri qeyd edirlər ki, bankın uzunmüddətli defot reytinqinin və həyat qabiliyyəti reytinqinin (VR) azaldılması onun aktivlərinin keyfiyyətinin pisləşməsi və aidiyyəti tərəflərin kreditləşdirilməsinin artmasını əks etdirir. Neftin qiymətinin ucuzlaşması və COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə davam edən iqtisadi tənəzzül “AFB Bank”ın kredit qabiliyyətinə əlavə təzyiqlər göstərib.
"Bankın BMHS üzrə hesabatına əsasən, 2019-cu ilin sonuna affilə edilmiş tərəflərə verilən kreditlər ümumi portfelin 2%-ni təşkil edib. Bununla belə, biz ən böyük risklər icmalına əsaslanaraq hesab edirik ki, brutto-kreditlərin 60%-ə qədəri “Gilan Holding” ilə bağlı şirkətlərə verilir, lakin MHBS-ə uyğun olaraq affilə edilmiş olaraq təsnif edilmir. “Gilan Holding” “AFB Bank”ın Hikmət İsmayılov tərəfindən alındığı 2019-cu ilin fevral ayına qədər bankın əsas səhmdarı olub. Səhmdarın dəyişməsinə baxmayaraq, hesab edirik ki, bank holdinqlə əvvəlki kimi sıx bağlıdır (İsmayılovun holdinqin bəzi şirkətlərinin səhmdarı olması faktına əsaslanaraq)", - deyə "Fitch"in mütəxəssisləri qeyd edirlər.
Agentlik “AFB Bank”ın kapitalının yüksək göstəricilərə malik olduğunu qeyd edir, lakin dəyərdən düşmüş xalis kreditlərin məbləği 2019-cu ilin sonuna məcmu kapitalın 28%-nə bərabər olub.
“"AFB Bank” əsasən müştərilərin hesabına maliyyələşdirilir və 2019-cu ilin sonuna bütün öhdəliklərin 83%-ni müştəri hesabları təşkil edir. Onların 86%-i korporativ müştərilərdən və imkanlı şəxslərdən alınan faizsiz cari hesablar olub. 2019-cu ilin sonuna olan vəziyyətə görə, affilə edilmiş depozitlərin həcmi 2% təşkil edib. Lakin “Fitch” hesab edir ki, depozitlərin 70%-dən çoxu “Gilan Holding” ilə bağlı şirkətlərin payına düşür", - deyə məlumatda bildirilir.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərinin həcminə görə ölkənin 15 aparıcı bankı sırasına daxildir. Bankın səhmdarları 3 fiziki şəxsdir.*