2020-ci ilin I yarısında Azərbaycanda ötən ilin müvafiq dövrünə nisbətən 11,5%-dən çox, yəni 19,3 milyard kubmetr qaz hasil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2020-ci ilin 6 ayı ərzində Azərbaycanda 2 milyard kubmetrə yaxın artımla 19,3 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatının 6,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan, 9,4 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 3,6 milyard kubmetr qaz hasil olunub”, - deyə məlumatda bildirilir.
“Bu dövrdə xaricə qaz satışı 6,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9% çoxdur. Cari ilin yanvar-iyun aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 24,5% çox, yəni 5,2 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,3 milyard kubmetr olub.
Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 171,2 milyard kubmetr, “Şahdəniz”dən isə 126,3 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 iyul tarixinədək 83,5 milyard kubmetr qaz ixraca nəql edilib.
AÇG blokundan neft və səmt qazının hasilatına 1997-ci ilin noyabr ayından başlanılıb.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqaviləyə əsasən layihənin operatoru olan BP şirkəti (Britaniya) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, ITOCHU Oil (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% paya malikdir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 milyon tondan çox neft hasil olunacaq.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.*
N.Abbasova