2018-ci ilin iyun ayından 2020-ci ilin iyun ayının sonunadək Trans-Anadolu qaz kəməri (TANAP) ilə Türkiyəyə “Şahdəniz” yatağından hasil olunan 5,8 milyard kubmetr qaz nəql edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“İstismara veriləndən (2018-ci ilin iyun ayı) 2020-ci il iyulun 1-dək TANAP-la Türkiyəyə 5,8 milyard kubmetr Azərbaycan qazı nəql edilib. Bu boru kəməri ilə Türkiyəyə yanvar-iyun ayları ərzində 1,9 milyard kubmetr qaz nəql edilib”, - deyə məlumatda bildirilir.
SOCAR-ın məlumatına görə, 2020-ci ilin iyun ayının sonundan etibarən TANAP ilə Türkiyəyə illik 6 milyard kubmetr qaz nəql olunacaq. Bundan başqa, cari ilin sonundan Azərbaycan Avropaya ildə 10 milyard kubmetr qazın nəqlinə başlayacaq.
SOCAR-ın proqnozlarına görə, TANAP qaz kəmərinin fəaliyyəti Türkiyənin qaza olan tələbatının 12%-ni təmin edəcək.
TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə 2018-ci il iyunun 30-dan başlanılıb. 2019-cu il aprelin 15-də TANAP qaz kəmərinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsinə qazın sınaq tədarükünə başlanılıb. Həmin ilin iyun ayının 15-də “Şahdəniz” yatağından hasil edilən qaz TANAP ilə Türkiyə-Yunanıstan sərhədinə çatıb. 2019-cu il iyulun 1-dən TANAP Azərbaycan qazının Avropaya nəqli üçün tam hazır vəziyyətdədir. Noyabrın 30-da qaz kəmərinin ikinci fazasının (Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək) işə salınması mərasimi keçirilib. TANAP-ın tikintisi $6,5 milyarda başa gəlib.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcək. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Gələcəkdə boru kəmərinin ötürmə qabiliyyəti illik 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılacaq.
TANAP-ın səhmdarları SOCAR (51%), “SOCAR Turkiye Enerji” (7%), BOTAS (30%) və BP (12%) şirkətləridir. Bu boru kəməri 15 il ərzində səhmdarlara ildə ümumilikdə $1,45 milyard gəlir gətirəcək, bunun 58%-i Azərbaycanın payına düşəcək.*
N.Abbasova