2019-cu ilin yekunları üzrə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xalis mənfəəti 2018-ci ilin yekunları üzrə 768,439 milyon manat məbləğində xalis zərərə qarşı 4 milyard 316,219 milyon manat təşkil edib.
Bu barədə ARDNF-in PWC beynəlxalq audit şirkəti tərəfindən təsdiq edilmiş 2019-cu ilə dair maliyyə hesabatında deyilir.
Dərc edilmiş maliyyə hesabatına əsasən, ötən il fondun əməliyyat gəliri 2018-ci ildə 703,358 milyon manat məbləğində əməliyyat zərərinə qarşı 4 milyard 443,032 milyon manat təşkil edib.
2019-cu ildə fondun məzənnə fərqindən zərəri 524,267 milyon manat (azalma 62,9%) məbləğində olub.
Hesabat dövründə ARDNF-in faiz gəlirləri 40,914 milyon manat (azalma 52,4%), dividend gəlirləri 390,334 milyon manat (artım 46,5%), icarə gəlirləri 75,724 milyon manat (azalma 54,7%), qızıl külçələr üzrə gəlirləri 1 milyard 194,59 milyon manat (artım 36,8 dəfə) təşkil edib.
Hesabata əsasən, 2019-cu ildə fondun aktivləri manat ekvivalentində 12,5% - 74 milyard 311,156 milyon manatadək, cari aktivləri 13,6% - 70 milyard 619,383 milyon manatadək artıb, uzunmüddətli aktivləri 5% - 3 milyard 691,773 milyon manatadək azalıb.
Bu dövrdə fondun öhdəlikləri 7,3% - 1 milyard 88,816 milyon manatadək artıb.
2019-cu ildə ARDNF-in kapitalı 12,6% - 73 milyard 222,34 milyon manatadək artıb, o cümlədən kapital qoyuluşları 37 milyard 529,718 milyon manat (artım 11,4%), ümumi bölüşdürülməmiş mənfəəti 34 milyard 908,734 milyon manat (artım 14,1%) təşkil edib.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
Ə.Məmmədov