Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Los-Anceles şəhərində yerləşən ticarət tipli daşınmaz əmlaka $50 milyon investisiya qoyuluşu həyata keçirəcək. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə ARDNF-in 2019-cu ilə dair maliyyə hesabatında deyilir.
“ARDNF “Gaw Capital Partner” şirkəti tərəfindən idarə olunan “GAW US FUND III” fondu ilə birlikdə Los-Anceles şəhərində yerləşən ticarət tipli daşınmaz əmlaka müştərək investisiya qoyuluşunun həyata keçirilməsinə dair razılıq əldə edib. Birgə investisiyada ARDNF-in payına düşən kapital qoyuluşu $50 milyon təşkil edir”, – deyə hesabatda bildirilir.
Sövdələşmənin həyata keçirilmə müddəti açıqlanmır.
31 dekabr 2019-cu il tarixinə ARDNF-in xaricdə daşınmaz əmlak alışına investisiya qoyuluşları $2 milyard 708 milyon 719,917 min məbləğində qiymətləndirilir.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova