Səhiyyə Nazirliyi COVİD-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatını açıqlayıb.Bunu nazilriyin COVİD -19 virusu ilə mübarizə ilə əlaqədar fəaliyyət göstərən İsçi qrupunun üzvü Səbinə Babazadə deyib.
“Yoluxma dərəcələrinə əsasən 3 təsnifat mərhələsi var: simtomsuz xəstələr, yüngül simptomlu xəstələr və ağır simptomlu xəstələr”, - Babazadə jurnalistlərə onlayn müsahibə zamanı bildirib.
Səbinə Babazadənin sözlərinə görə, simptomsuz xəstələr adından məlum olduğu kimi xəstəliyin heç bir simptomunu yaşamır, yalnız virusun daşıyıcıdır. “Simptomsuz xəstələrin yalnız COVİD-19 testini keçdikdən sonra yoluxduğu müəyyən olunur”, - o qeyd edib.
Babazadə vurğulayıb ki, yüngül simptomlu xəstə ilk növbədə hərarətin yüksəlişini hiss edir. Hərarət 37 və 37,5 dərəcəyə qalxdığından sonra xəstədə baş ağrıları, halsızlıq, sümük-əzələ ağrıları, boğazda qıcıqlanma və ağrı müşahidə olunur. Bunlarla yanaşı, burun axıntısı, dad və qoxu hissinin itməsi, ishal və ürək bulanması da yüngül simptomlu xəstələrdə müşahidə olunur.
“Ağır simptomlu xəstələrdə hərarətin 38 və daha yüksək dərəcəyə çatması, sinədə ağrıların hiss olunması, quru öskürək və tənginəfəslik simptomları ağır simptomlu xəstələrin əlamələtləridir. Bundan başqa, 18 yaşadək və 18 yaşdan yuxarı xroniki xəstəliyi olan vətəndaşlarda yüngül simptomlar belə müşahidə olunarsa, onlar ağır simptomlu xəstələr kateqoriyasına aid edilir”, - Babazadə əlavə edib.
Həmçinin, o bildirib ki, simptomsuz və yüngül simptomlu xəstələr sahə poliklinikaları ilə əlaqə saxlayandan sonra onlar ev şəraitində sahə həkiminin nəzarətinə götürülür və 21 gün ərzində izolyasiya qaydalarına riayət edərək ev şəraitində müalicə olunurlar.
Üçüncü yoluxma növünə gəlincə, Babazadə qeyd edib ki, ağır simptomlu vətəndaşlar təcili tibbi yardıma müraciət edəndən sonra stasionar müalicə üçün xəstəxanaya yerləşdirilirlər. **
X.Nəsirzadə