Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nı təsdiq edib.
Qaydalara əsasən, zəmanət və subsidiyalar COVID-19 pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilir.
Faiz subsidiyaları dövlət zəmanəti ilə kreditlər üzrə yığılır və ödənilir. “İnterfaks-Azərbaycan”ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin saytında dərc olunan qaydalarda qeyd olunur.
Zəmanət kredit hesabatına əsasən sahibkarlıq subyektinin 2020-ci il 10 mart tarixinə 60 gündən artıq (zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda, sahibkarlıq subyektinin bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda verilmir.
Həmçinin, zəmanət sahibkarlıq subyekti zəmanət üçün müraciət etdiyi müvəkkil kredit təşkilatına aidiyyəti şəxs olduqda, sahibkarlıq subyekti zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növü ilə məşğul olmadıqda, sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50%-dən çox olduqda, sahibkarlıq subyekti riskli vergi ödəyicisi olduqda verilmir.
Hər bir sahibkarlıq subyekti üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalıdır.
Bundan başqa, hökumət dövlət zəmanəti olmayan 1 milyard manat ümumi məbləğdə cari biznes kreditlərə subsidiya ayıracaq. Faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında verilir. Faiz dərəcəsi 10%-dən aşağı olarsa, faiz subsidiyası kreditin faiz dərəcəsi həcmində verilir.
Həmçinin, qaydalar Faiz subsidiyasının verilməsi üçün müraciəi, Faiz subsidiyasının ödənilməsinin dayandırılması və ləğvi və digər nəzarət və uçot qaydalarını müəyyən edir. **
Ə.Məmmədov