İspaniyanın Tecnicas Reunidas (TR) şirkəti SOCAR-a məxsus Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) qurğuların moddrnizasiyası üzrə subpodratçı qismində “Azfen” Azərbaycan-Türkiyə birgə müəssisəni cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Türkiyənin Tekfen şirkətindən məlumat verilib.
“Tecnicas Reunidas “Azfen” ilə subpodrat müqaviləsi imzalayıb. “Azfen”də iştirak payının 40%-i Tekfen Construction-a məxsusdur (Tekfen-in törəməsi). Müqavilə çərçivəsində birgə müəssisə BNEZ-də mövcud qurğuların yenidənqurulması çərçivəsində tikinti-quraşdırma işləri həyata keçirəcək”, - şirkətdən bildirilir.
Tekfen-in məlumatına görə, subpodrat müqaviləsinin dəyəri $237 milyona yaxın qiymətləndirilir.
“Azfen” şirkəti 1996-cı ildə yaradılıb. Birgə müəssisədə tərəflərin iştirak payı belədir: “Tekfen İnşaat” - 40%, SOCAR - 60%.
İspaniyanın Tecnicas Reunidas (TR) şirkəti Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) qurğuların rekonstruksiyası üzrə podratçısı olub.
BNEZ-də yenidənqurma və modernizasiya işləri 2024-2025-ci illər ərəfəsində tam başa çatacaq. İllik gücü 7,5 mln. ton olan ilkin neft emalı qurğusunun inşası təxminən $350 mln.-a başa gələcək.
Layihə $2,2 mlrd. məbləğində qiymətləndirilir.
SOCAR zavodda yenidənqurma və modernləşdirmə işlərini 2024-cü ilin sonu – 2025-ci ildə tam başa çatdırmağı planlaşdırır. Nəticədə zavodun illik emal gücü 6 mln. tondan 7,5 mln. tonadək artacaq.
BNEZ-də 6 işlək qurğu var: ELOU-AVT, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi və kokslaşdırma qurğuları. Modernləşdirmə və yenidənqurma nəticəsində 2021-ci ildə BNEZ-dəki qurğuların sayı 17-ə, 2025-ci ildə isə 24-ə çatdırılacaq.
Modernizasiyadan sonra BNEZ-də illik 2,2 mln. ton avtomobilo benzini (hazırda 1,2 mln. ton təşkil edir), illik 2,9 mln. ton dizel yanacağı (1,9 mln. ton), 1 mln. ton reaktiv yanacağı (600 min ton), 400 min ton bitum (200 min ton), 390 min ton neft-kimya məhsulları (112 min ton) istehsal olunacaq.
Hazırda BNEZ-də yalnız Aİ-92 markalı benzin istehsal olunur. «Premium Euro-95» və «Super Euro-98» markalı benzinlərin Azərbaycana idxalına 1 aprel 2014-cü il tarixindən başlanılıb.**
N.Abbasova