Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Səbail rayon Məhkəməsindən məlumat verilir.
“F.Bağırov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli biliir. O, saxlanılaraq məhkəməyə gətirilib”, - məhkəmədən qeyd olunur.
Məhkəmənin qərarı ilə F.Bağırovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“İttiham olunan şəxslərin tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib”, - DTX-dən bildirilir.
İyulun 3-də məlumat verilib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri həyata keçirir. İstintaq-əməliyyat tədbirləri Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında həyata keçirilir. XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev həbs olunublar. **
Ə.Məmmədov, X.Nəsirzadə