Nazirlər Kabineti ləğv olunma prosesində olan “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-nin əmanətçilərinin mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinə sorğu göndərib.
“Əmanətlərin Sığortalanması Fondunun “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilmiş və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərar alınıb. Nazirlər Kabinetinin Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır”, - Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.
Xəbər verildiyi kimi, Əmanətlərin Sığortalanması (ADIF) tərəfindən Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Nazirlər Kabinetinə məktub ünvanlanıb. Tənzimləyicilərin “Atabank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC” tərəfindən əməliyyatların həyata keçirilməsinin dayandırılmasına dair təshih tədbirlərinin tətbiq olunmasına baxmayaraq, sözügedən banklar tərəfindən əmanətlər qəbul olunub. Həmin vəsaitlər qorunmayan əmanət kimi qeydə alınıb. Bu məsələlərlə əlaqədar sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Nazirlər Kabinetinə məktub ünvanlanıb. Aprel-may aylarında AMB kapital problemi ilə üzləşmiş və ödəmə qabiliyyəti aşağı olan 4 bankın – “AtaBank”, “Amrahbank”, “AGBank” və “NBCBank”ın lisenziyalarının ləğv edilməsi barədə qərar qəbul edib. Bu banklar müflis elan edilib və onların ləğv edilməsi prosesi başlayıb. Bankların ləğvedicisi ADIF-dir.
Fondun məlumatına görə, iyulun 11-nə 12,9 min əmanətçi 229,7 milyon manat məbləğində kompensasiya alıb. **
X.Nəsirzadə