Azərbaycan Silahlı Qüvvələri Ermənistanla sərhəddə operativ şəraitə nəzarət edir. Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı deyib.
“Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alnıb. Ərazilərin itkisinə yol verilməyib”, - Dərgahlı Ermənistan KİV-in sərhəddə döyüşlərin nəticə barədə məlumatı təkzib edərkən bildirib.
O qeyd edib ki, operativ şərait Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Xəbər verildiyi kimi, bazar günü Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələri ilə döyüş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu şəhid olub, 5 nəfər yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin adekvat tədbirləri nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Ermənistan tərəfinin hücum cəhdi heç bir nəticə verməyib. **
X.Nəsirzadə