Tovuz rayonunda hərbi toqquşma rəsmi İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”, - Hacıyevin bazar günü yaydığı bəyanatda qeyd olunur.
O vurğulayıb ki, Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.
“Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb», - Hacıyev qeyd edib.
Prezidentin köməkçisinin sözlərinə görə, bu yolla rəsmi İrəvan Ermənistanda kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.
Xəbər verildiyi kimi, bazar günü Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələri ilə döyüş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu şəhid olub, 5 nəfər yaralanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir. Azərbaycan Silahlı Qüvvələrinin adekvat tədbirləri nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Ermənistan tərəfinin hücum cəhdi heç bir nəticə verməyib. **
X.Nəsirzadə