İrəvan üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“12 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər”, - XİN-in bəyanatında qeyd olunur.
Düşmən qüvvələrin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu həlak olub, 5 nəfər isə yaralanıb.
“Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir. Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət eydiyini açıq şəkildə nümayiş etdirir”, - nazirlik qeyd edir.
XİN-də hesab olunur ki, Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır.
“İrəvanın bu təxribatı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin həllinə dair danışıqları böyük şübhə altına qoyur. Vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, - XİN-in bəyanatında vurğulanır. **
X.Nəsirzadş