Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət axşam saatlarında yenidən gərginləşib. Bu barədə “İnterfaks-Azərbaycan”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir", - nazirlikdən bildiriblər.
Xəbər verildiyi kimi, bazar günü Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələri ilə döyüş nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhid olub, 4 nəfər yaralanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir. Azərbaycan Silahlı Qüvvələrinin adekvat tədbirləri nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Ermənistan tərəfinin hücum cəhdi heç bir nəticə verməyib. **
A.Əzizov