Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanı Azərbaycanla sərhəddə gərginliyi artırmaqdan əl çəkməyə çağırıb.
“Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu qətiyyətlə pisləyirik. Ermənistanın Azərbaycanla münaqişənin miqyasını genişləndirmək cəhdləri nəticəsiz qalmağa məhkumdur”, - deyə Türkiyə XİN-in bəyanatında bildirilir.
Ankara Yerevanı bu cür təxribatlardan əl çəkməyə çağırıb. “Həddini aşan əməllərlə sərgüzəştlik etmək Ermənistanın zəifliyini ortaya qoyur, bölgəmizdəki sülh və sabitliyə qarşı böyük maneə yaradır. Ermənistan tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, ağıllı və hüquqi yol seçməlidir”, - deyə XİN vurğulayır.
Türkiyə XİN beynəlxalq ictimaiyyəti Ermənistanın əməllərinə reaksiya verməyə çağırıb. “Türkiyə ərazi bütövlüyünü qorumaq mübarizəsində bütün imkanları ilə Azərbaycanın yanında yer almaqda davam edəcək”, - deyə bəyanatda qeyd olunur.
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.
İyulun 13-nə keçən gecə ərzində də Tovuz istiqamətində gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.*
N.Abbasova