İyulun 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun Rusiya Federasiyasından olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə telefon danışığı baş tutub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənməlumat verilib.
“Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və bölgədəki cari vəziyyət barədə məlumatlandıran nazir E.Məmmədyarov ciddi narazılığını bildirib, Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib”, - deyə məlumatda bildirilir.
E.Məmmədyarov Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin fikrini daxili problemlərdən yayındırmaq məqsədi güddüyünü qarşı tərəfin diqqətinə çatdırıb.
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.
İyulun 13-nə keçən gecə ərzində də Tovuz istiqamətində gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.*
Ə.Məmmədov