Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan dövlət sərhədində hökm sürən gərginlikdən narahatdır. Bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
“Azərbaycan-Ermənistan dövlət sərhədində atışma çox narahatedicidir. Təmkin nümayiş etdirmək, birbaşa və ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə bütün rabitə kanallarından istifadə etmək hər iki ölkə üçün çox vacibdir”, - deyə Aİ-nin xüsusi nümayəndəsi “Twitter” səhifəsində yazıb.
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.
İyulun 13-nə keçən gecə ərzində də Tovuz istiqamətində gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Döyüşdə Azərbaycan Ordusunun zabiti şəhid olub.
Prezident İlham Əliyev sərhəddə təxribata görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə qoyub.*
Ə.Məmmədov