Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır, ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı məlumat verib.
O, jurnalistlərə müsahibəsində bildirib ki, hazırda sərhəddə döyüş bölgəsində ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir. Düşmən tərəfi fəallıq nümayiş etdirməyə çalışır. Lakin Azərbaycan Ordusu düşmənin bu fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər görür”, - deyə V.Dərgahlı qeyd edib.
Onun sözlərinə görə, bu gün səhər saatlarında bölmələrimiz tərəfindən həyata keçirilən tədbirlər nəticəsində düşmənin dərinlikdə olan mövqelərinə, dayaq məntəqəsinə, artilleriya qurğularına, avtomobil texnikasına və canlı qüvvəsinə zərbələr endirilib. Bu zərbələr nəticəsində düşmən xeyli itki verib. Sadəcə olaraq, düşmən tərəfi həmişə olduğu kimi, öz itkilərini gizlətməyə cəhd göstərir. Yəqin ki, yaxın saatlarda bu barədə məlumat verəcəklər. Dünən və gecə vaxtı bu istiqamətdə gedən döyüşlərdə, təəssüf ki, Azərbaycan Ordusunun bölmələri də itki verib. Dörd hərbi qulluqçumuz şəhid olub, yaralılar var. Dinc sakinlər arasında itki yoxdur. Hazırda Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür”, - deyə mətbuat xidmətinin rəisi əlavə edib.
V.Dərgahlı qeyd edib ki, düşmən təxribatlarını təkcə cəbhə xəttində deyil, həm də sosial şəbəkələr vasitəsi ilə həyata keçirir. “Düşmən sosial şəbəkələrdə yalan məlumatlar yayır. Guya onlar bizim hərbi texnikamızı, guya ordumuza məxsus PUA-nı vurublar, yaralılarımız çoxdur, guya onlara qan çatdıra bilmirik. Bu məlumatların hamısı yalandır. Bizim heç bir texnikamız və ordumuza məxsus PUA vurulmayıb, yaralılarımız da çox deyil”, - deyə o vurğulayıb.
O, həmçinin deyib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edib.*
X.Nəsirzadə