Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatı qətiyyətlə pisləyib.
Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərlə bağlı məlumatları “TRT Haber” telekanalına şərh edən Çavuşoğlu Ermənistanı “ağlını başına yığmağa” çağırıb.
“Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın etdiyi qəbuledilməzdir. Azərbaycan Ordusu lazımi cavabı verib və düşməni geri oturdub. Ermənistan yeni toqquşma meydanı yaratmaqla, diqqəti işğal etdiyi ərazilərdən başqa istiqamətə yönəltmək istəyir.
Çavuşoğıu xatırladıb ki, Ermənistan bu günə kimi münaqişənin siyasi həll yoluna yaxın durmayıb. Türkiyə Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əlindən gələn dəstəyi verəcək.
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.
İyulun 13-nə keçən gecə ərzində də Tovuz istiqamətində gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub.
Prezident İlham Əliyev sərhəddə təxribata görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə qoyub.*
N.Abbasova