Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı zamanı Ermənistanın sərhəddə Azərbaycana qarşı təxribatlarının yolverilməz olduğunu bildirib.
“13 iyul tarixində Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı baş tutub. E.Məmmədyarov Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik barədə rusiyalı həmkarına məlumat verib. O, Ermənistanın bu təxribatının bölgədə vəziyyətin daha da gərginləşməsinə, üçüncü ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilməsinə xidmət etdiyini qeyd edib, Ermənistanın gücdən istifadə etmək cəhdinin yolverilməz olduğunu və bu kimi təxribatların bundan sonra da layiqincə cavabının veriləcəyini vurğulayıb”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in məşğul olduğunu vurğulayıblar.
“Lavrov bölgədə gərginliyin artmasının yolverilməz olduğunu və vəziyyətin nəzarət altına alınmasının vacibliyini qeyd edib”, - deyə məlumatda vurğulanır.*
A.Əzizov